Azərbaycanlı təhsil mütəxəssisləri Qazaxıstanda olublar

Azərbaycanlı təhsil mütəxəssisləri Qazaxıstanda olublar

Azərbaycanlı təhsil mütəxəssisləri Qazaxıstanda olublar

Azərbaycanlı təhsil tədqiqatçısı, Educenter Azerbaijan təşkilatının rəhbəri Böyükağa Mikayıllı və təhsil eksperti, Təhsil Araşdırmaları və Məsləhət Mərkəzinin rəhbəri Elşən Qafarov Qazaxıstanın Astana şəhərində səfərdə olublar. Bu barədə redaksiyamıza Azərbaycanlıların Astana şəhərində yerləşən “Xəzər” diaspor cəmiyyətinin sədr müavini Təvəkkül Mirzəyev məlumat verib. O qeyd edib ki, dünyanın müxtəlif ölkələrində araşdırmalar aparan, təhsil sistemlərini, universitetləri, pedaqoji fikir tarixini tədqiq edərək kitablar yazan mütəxəssislər bu dəfə Azərbaycanla əsrlər boyu dostluq, qardaşlıq münasibətlərində olan Qazaxıstanı seçiblər. Qazaxıstanda son illər təhsil sahəsinin inkişafı istiqamətində bir sıra mühüm addımlar atılıb. Ölkədə həyata keçirilən pedaqoji kadrların sertifikasiya sistemi bir sıra parametrlərinə görə maraq doğurur. Ali təhsil sistemində tətbiq olunan innovativ yanaşmalar əcnəbi tələbələri Qazaxıstan universitetlərində təhsil almağa həvəsləndirir. Qazaxıstanda tədqiqat universitetlərinin maraqlı təcrübəsi formalaşıb. Ölkənin bir neçə universiteti dünyanın qabaqcıl universitetlərinin yer aldığı reytinq sıralamasında əhəmiyyətli dərəcədə irəliləməyə nail olub. 

Təvəkkül Mirzəyev vurğulayıb ki, təhsil tədqiqatçıları Uşaqların Əlavə Təhsili Mərkəzində, Milli Təhsil Akademiyasında, Qazaxıstan Respublikasının Prezident Aparatı yanında Karyqash uşaq bağçaları şəbəkəsinin, eləcə də “Xəzər” diaspor cəmiyyətinin, Müharibə Veteranları Assosiasiyasının ofisində, Əl Fərabi adına Məktəblilər sarayında, SANA yaradıcılıq mərkəzində olub, təhsil nazirliyinin rəsmi şəxsləri ilə görüşüb ölkədə həyata keçirilən təhsil islahatlarının gedişi ilə maraqlanıblar. Təhsil tədqiqatçıları gələcək əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi, təhsil sistemlərindəki yeniliklərin daha dərindən öyrənilməsi məqsədilə Uşaqların Əlavə Təhsili Mərkəzi, Karyqash uşaq bağçaları şəbəkəsi və Müharibə Veteranları Assosiasiyası ilə əməkaşlıq memorandumu imzalayıblar. “Xəzər” diaspor cəmiyyəti ilə də yaxın günlərdə əməkdaşlıq müqaviləsi bağlanacaq.