ADPU-nun Şamaxı filialında təhsil tədqiqatçısı ilə görüş keçirilib

ADPU-nun Şamaxı filialında təhsil tədqiqatçısı ilə görüş keçirilib

ADPU-nun Şamaxı filialında təhsil tədqiqatçısı ilə görüş keçirilib

ADPU-nun Şamaxı filialında təhsil tədqiqatçısı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktoru Böyükağa Mikayıllı ilə görüş keçirildi.

Görüşdə filialın direktoru, dosent Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələr iştirak edirdi. Tədbirdə  B.Mikayıllının “Təhsil və pedaqoji fikir tarixi: müasir araşdırmalar müstəvisində” mövzusunda məruzəsi dinlənildi. Azərbaycan və dünya pedaqoji fikir tarixi, eləcə də təhsil problemləri sahəsində son dövrlər aparılan tədqiqatlardan ətraflı şəkildə bəhs olundu.  

Qeyd edək ki, “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalı 1970-ci ildən fəaliyyət göstərir. Jurnala 50 il pedaqoji elmlər doktoru, professor Yahya Kərimov rəhbərlik edib. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər sırasındadır. İldə 4 dəfə çap olunan elmi-metodik nəşr eyni zamanda, bir sıra beynəlxalq elmmetrik bazalarda (Copernicus, Erih Plus və s.) indekslənir. 

B.Mikayıllı Ukrayna Çap Akademiyasının Beynəlxalq jurnalistika fakültəsini bitirib. O, Azərbaycanda və dünyada təhsil proseslərini və pedaqoji fikir tarixini, təhsilin inkişafına təsir göstərən amilləri, dünyanın aparıcı universitetlərini, beynəlxalq təhsil təşkilatlarının, elmmetrik bazaların, elmi jurnalların fəaliyyətini tədqiq edir. Təhsil tədqiqatçısı 2014-cü ildən bugünə kimi dünyanın 30 universitetinin fəaliyyətini araşdırıb. Bu universitetlər Almaniya, Çexiya, Polşa, Sinqapur, Yaponiya, Çin, Ukrayna, Quzey Kıbrıs, Qazaxıstan universitetlərini əhatə edir. Onun “Dünyanın təhsil mənzərəsi”, “Sinqapur təhsilinin fəlsəfəsi”, “Stiven Hokinq – təslim olmayan adam”, “Dahi pedaqoqlar silsiləsindən: Yanuş Korçak”, “İşıq”, “Yaradıcılıq axtarışları”, “Müasir dərs, yeni yanaşmalar”, “Övladınızın dünyasına bələdsinizmi?”, “Şagirdi məktəbdə necə xoşbəxt etməli?”, “Dünyanın Kıbrısı, Kıbrısın dünyası” və digər kitabları çap olunub. Tədqiqatçının “Dünya xalqlarının məktəb və pedaqoji tarixi”, “Məktəbəqədər təhsil: dünya təcrübəsi”, “Uşaqları kim, necə öyrədir?”, “Sinqapurda pedaqoji kadr hazırlığı modelləri”, “Pedaqoji kadrların sertifikasiyası: dünya təcrübəsi”, “Universitetlər necə inkişaf edir?” adlı tədqiqat əsərləri çapa hazırlanır.