Şəhid müəllimin ən mükəmməl dərsi
Bu yazı II Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan tarix müəllimi Famil Əhmədzadəyə həsr olunur.
Onunla tez bir zamanda bir-birimizə isinişdik. Şübhəsiz ki, münasibətlərin yaranmasında ikimiz də rol oynadıq. O, ümumiyyətlə belə xarakterə malik idi: qısa zamanda hamı ilə dil tapır, dostlaşırdı. Ukraynaya yollanan Azərbaycan nümayəndə heyətinin hər bir üzvü ilə də beləcə doğmalaşmışdı Famil. Biz hələ beynəlxalq konfransı planlaşdırarkən onunla mütəmadi ünsiyyətdə olurduq. Həm özünün çıxış edəcəyi, həm də digər həmkarlarımızın mövzuları üzərində götür-qoy edirdik. Məqsədimiz bu idi ki, Respublika Təhsil Şurasının 2016-cı ilin mart ayında Ukraynanın Lviv şəhərində keçirəcəyi "Təhsildə beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda beynəlxalq konfransda müəllimlərimiz daha aktual mövzularla çıxış etsinlər, Azərbaycan təhsilinin inkişaf dinamikasını daha mükəmməl şəkildə xarakterizə etməyi bacarsınlar. Famil özü üçün mövzu seçməyə hələ tələsmirdi, götür-qoy edirdi. Arxayın idim. Bilirdim ki, zamanında ürəyinə daha yaxın olan, vacib hesab etdiyi mövzunu seçib təqdim edəcək. Gözlədiyim kimi də oldu. Konfransın başlanmasına təxminən 15 gün qalmış məruzəsini mənə göndərdi. Famil, tarixçi kimi ənənəsinə sadiq qalaraq Azərbaycan və Ukrayna xalqlarının təhsil əlaqələri tarixinə aid mövzu üzərində mükəmməl işləmişdi. Diqqətimi cəlb edən ən mühüm məqam o idi ki, o, məruzədə Azərbaycan və Ukrayna xalqlarının təhsil əlaqələrini mərhələ-mərhələ izah edir və hər bir mərhələnin hər iki ölkədə təhsilin inkişafına verdiyi töhfəni diqqətə çatdırır, onu elmi cəhətdən əsaslandırırdı. Təhsil, elm, pedaqoji əlaqələrin vacibliyini həm də ona görə önə çəkirdi ki, bu əlaqələr müasir təcrübənin öyrənilməsinə, eyni zamanda dostluq təməllərinin möhməklənməsinə yol açır. Biz Ukraynada Azərbaycan və Ukrayna müəllimlərinin, Azərbaycanın Ukraynanın Lviv vilayətinin diaspor üzvlərinin iştirakı ilə Azərbaycan multikulturalizminə həsr olunmuş daha bir beynəlxalq konfransa qoşulduq. Mən bu konfransda da bütün iştirakçı müəllimlər kimi, Familin də əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyinin şahidi oldum. O, multikultural məsələlərə də tarixçi mövqeyi, dünyagörüşü ilə yanaşır, aparılan müzakirələrin mərkəzində dayanırdı. Onu daha çox qlobal mövzular cəlb edirdi. Çıxış üçün hazırladığı mövzunun elmi mahiyyətinə varmaqla, maraqlı, məntiqli nəticələr yaratmağı sevirdi. Mən Familin bu xüsusiyyətini onun müəllimliyi, pedaqoji problemlərə bələd olması ilə əlaqələndirirdim. Söhbətlərimizdə əmin olduğumu bildirirdim ki, o, çox da uzaq olmayan bir zamanda elmi iş müdafiə edəcək. Çünki onun intellektual imkanları var idi. Pedaqoji təcrübəsi, tarixçi təfəkkürü onu addım-addım elm dünyasına yaxınlaşdırırdı, mən də bir dost kimi bunu təkidlə ona tövsiyə edirdim. Bizim Ukraynada keçirdiyimiz görüşlərdə, toplantılarda, gəzintilərdə Famil mənim yaddaşımda həm də çiynində gəzdirdiyi Azərbaycan bayrağı ilə qalıb. O, bayrağımızdan bir an belə ayrılmırdı. Dörd il sonra Famili könüllü olaraq torpaqlarımızın erməni işğalçılarından azadlığı uğrunda müharibəyə könüllü aparan da, mübariz bir zabit kimi döyüşə ruhlandıran da, şəhidlik zirvəsinə ucaldan da, Familin mənim də bir vaxtlar müşahidə etdiyim və duyduğum Vətən, yurd, bayraq sevgisi idi. Ümumiyyətlə, o, təhsillə bağlı əhəmiyyətli hesab etdiyi tədbirlərə, təqdimatlara ardıcıl olaraq qoşulur və öz sözü, mövqeyi ilə diqqət mərkəzində olur, seçilirdi. Həmkarları ilə apardığı pedaqoji polemikalara qətiyyətli, məzmunlu, ən əsası isə özünəməxsus inamlı fikirləri ilə istiqamət verirdi.
2016-cı ilin yay ayları idi. Biz Respublika Təhsil Şurasında daha bir foruma hazırlaşırdıq. Qərara almışdıq ki, bu forumu "Qabaqcıl müəllimlərin birinci ümumrespublika forumu” adlandıraq. Forumun məhz bu adla keçirilməsi təsadüfi xarakter daşımırdı. Artıq 6 il idi ki, Təhsil Şurasında "Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və yayılması” layihəsi həyata keçirilirdi. Bu layihə çərçivəsində ölkənin ən yaxşı müəllimlərinin iş təcrübəsini öyrənir, "Təhsil və zaman” qəzeti vasitəsilə Respublikaya yayırdıq. Foruma da əsasən iş təcrübəsini öyrəndiyimiz, eləcə də iş təcrübəsini öyrənməyi planlaşdırdığımız müəllimləri dəvət etmişdik. Famil müəllim, iş təcrübəsini öyrənməyi planlaşdırdığımız müəllimlərdən idi, bununla belə forumda onun da çıxışı nəzərdə tutulmuşdu. Bu dəfə Famil müəllim tarixin inteqrasiya şəraitində tədrisi problemlərindən bəhs etdi. Mən bu konfransda müəllim dostumun zəngin ədəbiyyat, coğrafiya, dünya tarixi biliklərinin şahidi oldum və onun ana dilimizi nə qədər mükəmməl bildiyini gördüm. Bir müəllim üçün bu biliklərin nə qədər vacib olduğunu izah etməyə fikrimcə ehtiyac yoxdur. Bircə onu deyə bilərəm ki, zəngin söz ehtiyatı, pedaqoji ustalığı ilə öz bilik və təcrübəsini istər şagirdlərinə, istərsə də ən ali səviyyəli auditoriyaya ötürə bilirdi. Bu, həm də onun geniş mütaliəsi ilə bağlı idi. Müşahidə edirdim ki, rayon, məktəb tədbirlərini səlis nitqi ilə necə idarə edir. Bu tədbirlərdə onun nitqini dinləyərkən mənə elə gəlirdi ki, hər bir sözün Familin nitqində xüsusi bir gözəlliyi var, yaxud o, hər bir sözə min gözəllik qatıb təqdim edir. Bəzən isə Məmməd Arazı, Musa Yaqubu, Bəxtiyar Vahabzadəni onun təqdimatında dinləyərkən, mənə elə gəlirdi ki, Famili deyil, Bəxtiyarlaşmış, Musalaşmız, Arazlaşmış Famili dinləyirəm. O, öz ana dilinə, tarixinə, ədəbiyyatına, təhsilinə, mədəniyyətinə, incəsənətinə, insani münasibətlərə əsl ziyalı mövqeyində dayanırdı. Onu dinləyərkən düşünürdüm ki, Famil yalnız bu günün tarix müəllimi deyil, Azərbaycan müəllimliyinin vahid obrazıdır, həm də yalnız bu dövrün deyil, yüz illər yol gələn müəllimliyin obrazıdır. Famil öz həyatı və şəhidliyi ilə Azərbaycan müəllimliyinin obrazını daha da zənginləşdirməyə, onu ölümsüz etməyə nail oldu. Bu, Famil müəllimin həyatının ən mükəmməl dərsi idi. O, bu dərsi ilə sübut etdi ki, yer üzündə ən uca ad şəhidlikdir, müəllimin isə ən mükəmməl dərsi öz şəxsi nümunəsidir…
Famil Əhmədzadənin ömür yolundan sətirlər…
Famil Əhmədzadə 23 sentyabr 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. Ailəsi İsmayıllıya köçdüyünə görə Famil 1982-ci ildə İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul edilib. Famil orta təhsil illərində məktəbin savadlı, ictimai işlərdə fəal şagirdlərindən biri kimi tanınıb. 1992-ci ildə orta məktəbi əlaçı məzun kimi başa vurub.
Famil orta məktəbi bitirdiyi il Azərbaycanda test üsulu ilə keçirilən ilk imtahanlarda uğurla iştirak edərək Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) Politologiya ixtisasına qəbul olub. Akademiyanın sayılıb-seçilən tələbələrindən olan Famil 1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. O, hərbi kafedradan məzun olduğu üçün leytenant rütbəsi alıb.
Famil Əhmədzadə 1997-ci ildə məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 1999-cu ilin əvvələrində Naxçıvan Muxtar Respublikasına hərbi xidmətə yollanıb. 2000-ci ilin 9 noyabrında hərbi xidmətdən baş leytenant kimi tərxis olunub. Hərbi xidmətdən sonra yenidən doğma məktəbində pedaqoji fəaliyyətini davam etdirib. Famil Əhmədzadə rayonda, eləcə də respublikada ən yaxşı müəllim kimi tanınıb. İstedadlı müəllimin yetirmələri orta məktəbi uğurla bitirərək yüksək balla tələbə adını qazanıblar. Onun bir müəllim kimi ən böyük arzusu vətənə layiqli vətəndaşlar yetişdirmək olub.
Famil 2020-ci ilin 27 sentyabrında – Vətən müharibəsi başlanan gün könüllü olaraq cəbhəyə yollanıb. Ürəyində böyük vətən sevgisi yaşadan cəsur zabit, müəllim Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin müdafiəsində müstəsna rol oynayıb. Oktyabr ayının 13-dən 14-nə keçən gecə Talış və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Famil Əhmədzadənin nəşi noyabrın 3-də əvvəlcə yaşadığı evə, daha sonra İsmayıllı rayonu Şəhidlər Xiyabanına gətirilərək, şəhər sakinlərinin izdihamlı yürüşü ilə dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əhmədzadə Famil Ağaəhməd oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 15 dekabr 2020-ci ildə "Vətən uğrunda” medalı, 18 dekabr 2020-ci ildə "Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Böyükağa MİKAYILLI