Universtetlər necə inkişaf edir?
Humboldt adına Berlin universiteti
I yazı
Almaniyanın bir neçə nüfuzlu ali məktəbinin timsalında ölkədə ali təhsil sisteminin vəziyyətini xarakterizə edək. Qeyd edim ki, bu universitetlərin hər biri ilə ayrı-ayrılıqda tanış olmaq, onların tarixini, müasir inkişaf səviyyəsini araşdırmaq, təhlillər, müqayisələr aparmaq imkanı əldə etmişəm. Öncə Berlin şəhərindəki Humboldt adına Universitetdən başlayaq. Universitetin əsası 1810-cu ildə görkəmli alman filoloqu, dilşünas, Prussiyanın dövlət xadimi və diplomat Fridrix Vilhelm Kristian Karl Ferdinand fon Humboldtun təşəbbüsü ilə qoyulub. Kral III Fridrix Vilhelm də öz növbəsində bu təşəbbüsü dəstəkləyib. Qeyd edim ki, görkəmli alman mütəfəkkirləri Fixte və Şleyermaxer də universitetin yaradılmasında Humboldtla çiyin-çiyinə çalışıblar. Universitet 1828-ci ildən 1945-ci ilədək məhz Fridrix Vilhelmin adını daşıyıb. Hazırda universitetdə dünyanın 100-dən artıq ölkəsindən tələbə təhsil alır. Universitetin 210 illik tarixinə dünyada elmin, mədəniyyətin inkişafında əhəmiyyətli rol oynamış elm, sənət, fikir nümayəndələrinin adları yazılıb. Humboldt adına Berlin Universiteti “Bütün müasir universitetlərin anası” adlandırılır. İdealist-filosof İ.H.Fixte (İ.H.Fixte universitetin ilk rektoru olub), ilahiyyatçı F.Şleyermaxer, idealist-filosof Hegel, romantik hüquq nəzəriyyəçisi Savini, pessimist filosof A.Şopenhauer, mədəniyyət tənqidçisi V.Bencamin, böyük fizik A.Eynşteyn, M.Plank, marksist nəzəriyyəsinin baniləri Karl Marks, Fredrix Engels, şair Henrix Heyne, yazıçı Dyublin, strukturalizmin banisi Ferdinand de Sossura, Almaniyanı birləşdirən Otto fon Bismark, Almaniyada Kommunist partiyasının əsasını qoyan Karl Libknext, ictimai-siyasi xadim Robert Şuman, məşhur cərrah İohann Fridrix Diffenbax, Amerikalı ixtiraçı-fizik, NASA-nın əsasını qoyanlardan biri Mixaylo Pupin, məşhur alman həkim, tibb sahəsində onlarla ixtiranın müəllifi Henrix İreneus Kvinke, alman fizik Maks Abraham bunlara misal ola bilər.
Universitet fəaliyyətinin ilk illərində təhsil islahatçılarının təsiri altında inkişaf yoluna qədəm qoyub. Hüquq, tibb, ila¬hiy¬yat və fəlsəfə fakültələri ilə açılan təhsil ocağına birinci il 256 tələbə qəbul edilib. Pedaqoji prosesi həyata keçirmək üçün 52 müəllim cəlb olunub. Qısa müddət ərzində geniş kampuslar şəbəkəsi, təbiətşünaslıq və tibb şəhərcikləri yaradılıb. Almaniyada nasist rejimi yaradılana qədər universitet böyük inkişaf yolu keçib. 1930-cu illərdə isə bu ali təhsil ocağı çətin sınaqlar qarşısında qalıb, ciddi ziyanla üzləşib. Universitetin kitabxanasına məxsus olan minlərlə kitabın yandırılması təhsil ocağının tarixinə ən acınacaqlı bir səhifə kimi yazılıb. Həmin dövrdə universitetin yəhudi millətindən olan 250 professoru, eləcə də rejimin əley¬hinə çıxan digər millətdən olan əməkdaşları təhsil müəssisəsindən xaric edilib. Müharibə döv¬rün¬də isə universitet bağlanıb, onun ayrı-ayrı kampusları dağıdılaraq xarabalığa çevrilib. 1955-ci ildə Berlinin Bebelplatz meydanında boş kitab rəflərini simvolizə edən abidənin qoyulması Humboldt universitetinin tarixindəki acı səhifəni xarakterizə edir.
Humboldt universitet modeli XIX əsrin sonları ХХ əsrin əvvəllərində geniş yayılmağa başladı. Bu, sadəcə ali təhsil verən universitet deyildi. Almaniyada elmin, mədəniyyətin inkişafına təkan verən milli universitet modeli idi. Universitet, məhz Humboldt adı aldıqdan sonra bu model yaranmağa başladı. Bu modelin ali təhsilin inkişafındakı rolunu qiymətləndirmək çətin olsa da, mütəxəssislər buna cəhd edirlər. Birincisi odur ki, Humboldt universitet modeli tədris prosesi ilə yanaşı, tədqiqatçılıq fəaliyyətini də birləşdirir. Bu universitetlə alman milli təhsil modelinin əsası qoyuldu. İkincisi, bu modelin bir çox elementləri dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən ali təhsil müəssislərinin diqqətini cəlb etdi, müasir tədqiqat universitetləri modellərinin yaranmasına yol açdı. 1810-cu ildə yaranan universitet, inkişaf dinamikası, hədəfləri ilə sənaye erasının yeni universitet modelinə çevrilə bildi. Buna görə də Humboldt universiteti yalnız alman təhsil sistemi üçün deyil, ХХ əsrdə dünyada ali təhsilin inkişafı üçün açar rolunu oynadı.
Dünyanın bir sıra təhsil sistemləri, xüsusilə amerikan modelinin formalaşmasında Humboldt universitet modeli xüsusi əhəmiyyətə malikdir. Amerikanın təhsil islahatçıları, milli təhsil sisteminin yaradıcıları təklif edirdilər ki, ali təhsilin dayaqlarını kolleclər deyil, Almaniyada olduğu kimi, aspirantura və tədqiqat mərkəzləri təşkil etsin. Amerikada bu model, əsasən tədqiqatçı D.S.Cilmen tərəfindən təklif olunurdu. D.S.Cilmenin təklifləri maraqla qarşılanır və amerikalı pedaqoqlar Almaniyanın məşhur universitetlərinə təcrübə keçmək üçün ezam olunurlar. Onlar Almaniya ilə yanaşı, Avropada təhsil sistemlərini, tibb və tarix sahəsində tədqiqat metodlarının əsaslarını öyrənib, sistemin daha mütərəqqi tərəflərinin ölkədə geniş yayılmasına nail olurlar. Bu universitet modelinin fransız, rus, Böyük Britaniya ali təhsil sistemlərinə də təsirini istisna etmək olmaz [Налетова И, 2005].
Böyükağa MİKAYILLI, Berlin, 2019