Plagiatı necə müəyyənləşdirməli?

Plagiatı necə müəyyənləşdirməli?

Plagiatı necə müəyyənləşdirməli?


Bu yazıda elmi məqalənin plagiatlılığının yoxlanılması məsələlərindən bəhs edəcəyəm. Əslində bu problemin tarixi çox qədimdir. O bütün dövrlərdə aktual olub. Bu baxımdan müasir zaman də istisna deyil. Əgər qədim zamanlarda, eləcə də internetin inkişaf etmədiyi vaxtlara qədər plagiat fərdi araşdırmalara, mülahizələrə əsasən müəyyənləşirdisə, bu gün bunun üçün müxtəlif elektron resurslar mövcuddur. Ümumiyyətlə, məqalələrin orijinallığını yoxlamaq nə üçün lazımdır, bu onlayn resurslar elmin inkişafına, yeni-yeni yaradıcı əsərlərin, kəşflərin, ideya və fikirlərin meydana gəlməsinə necə yol açır, hansı antiplagiat resursları mətnlərin orijinallığını yoxlamaq üçün daha əlverişlidir və s. Məqalədə bu kimi sualları cavablandırmağa çalışacağıq.

Klonlama, hərfi plagiat, rezonans, fikri, mozaik, ölçülmüş və ölçülməmiş, “xəyali müəlliflər”in iştirakı ilə, özünüplagiat növləri olan plagiatın yoxlanılması da müxtəlif üsullarla həyata keçirilir.

İnternet resursları meydana çıxana qədər kitab fondları və kitabxanalar, nəşrlər plagiatı araşdıran ən əsas mərkəzlərdən hesab olunurdular. Bu işlə məşğul olanlar çoxsaylı mənbələr oxumaq, araşdırmaq məcburiyyətində idilər. Belə bir axtarış çox vaxt ağır zəhmət tələb edirdi və heç də həmişə effektli nəticə əldə olunmurdu. Minlərlə elmi istinad mənbələri içindən məqalələrin plagiatlığını araşdırıb tapmaq samanlıqda iynə axtarmağa bənzəyirdi. Digər tərəfdən də plagiatçılar öz işlərini ustalıqla quranda, plagiat faktını meydana çıxarmaq daha da çətin olurdu. Məqalə, yaxud kitab xarici dildən tərcümə edilibsə, onun plagiatlığını müəyyənləşdirmək daha da çətinləşirdi. Elə plagiatçılar da bu fakta söykənərək rahat şəkildə öz işlərini görürdülər. Əlbəttə elə mütəxəssislər də var ki, onlar mətnə nəzər yetirib onun plagiat olub olmadığı haqqında qısa zamanda fikir söyləyə bilirlər. Bu, zəngin təcrübə, elmi hazırlıq səviyyəsi, geniş dünyagörüşü, mövzuya, müəllifə bələdlilik, elmin inkişaf dinamikasını bilmək və onu dəyərləndirmək bacarığı tələb edir. Yadımdadır, bir neçə il öncə görkəmli alimlərimizdən birinə redaktə etmək üçün dərs vəsaiti təqdim etmişdilər. Həmin alim vəsaiti vərəqləyib müəlliflərə dedi ki, bu, rus müəlliflərindən tərcümədir. Kitab olduğu kimi Azərbaycan dilinə çevrilib. Doğrudan da alimin iradları müəlliflər tərəfindən qəbul edildi. İnternet resurslarının inkişafına qədər mətnlərdə plagiatın yoxlanılmasında insan amili önəmli yer tuturdu. Bu amilə o qədər də etibar olunmasa da, hər halda problemin həllində müəyyən təsirə malik idi.

Qeyd etdiyimiz kimi, bu gün elmi məqalələrdə plagiatlığın yoxlanılması işini həyata keçirən rəqəmsal texniki vasitələr mövcuddur. Onlar plagiatın aşkarlanması işində inqilab ediblər desək, yanılmarıq. Bu texniki vasitələrin köməyi ilə plagiatı asanlıqla aşkara çıxarmaq mümkündür. Bəs onlar hansılardır? Bu vasitələrin bəziləri ilə tanış olaq.

Daktiloskopiya
Plagiatın daktiloskopiya üsulu ilə müəyyənləşdirilməsi barmaq izinə əsaslanır. Daktiloskopiya elmi əsərlərdəki plagiatlığı aşkara çıxarmaq və istinad materialları əsasında məqalənin oxşarlığını təyin etməyə imkan yaradır. Ümumiyyətlə, məqalələrə statistik yanaşma, fraqmentli, faktlarrın oxşarlığı ilə də mətnin orijinallığı haqqında fikir söyləmək mümkündür.

Advego Plagiatus
Bu antiplagiat proqramı internet istifadəçiləri tərəfindən daha çox istifadə edilməkdədir. Windows 8, Windows 7, Windows Vista, Windows XP, Windows 2000 əməliyyat sistemləri üçün nəzərdə tutulan bu proqram daha sadə və anlaşıqlı interfeys mətn yoxlanılması imkanlarına malikdir. Proqramın üstün cəhətlərindən biri də budur ki, mətni yoxladıqdan sonra məqalənin orijinallığı barədə məlumat verir, istinadları və yoxlanılan mətnin digər məqalələrlə oxşarlıq faizini göstərir.

ETHP Antiplagiat proqramı
Bu proqram müəyyən edilmiş mətnin unikallığını və təsadüf nəticəsində digər məqalələrlə uyğunluq səviyyəsini yoxlamağa imkan verir. Proqramın fərqli xüsusiyyətlərindən biri də minimalist dizayn və intuitiv interfeysə malik olmasıdır. ETHP Antiplagiat proqramında 5 növdən çox axtarış bölməsi var. Hazırda proqramın 4.30.0.0 versiyası mövcuddur.

TEXT.ru
Bu onlayn xidmət, yalnız mətnin orijinallığını deyil, eyni zamanda mətnin orfoqrafik cəhətdən düzgünlüyünü yoxlamaq imkanı yaradır. Onunla işləmək heç bir xüsusi bacarıq tələb etmir, yalnız bir neçə addımdan sonra mətn yoxlanılır və müəllifə bu barədə hesabat verilir. TEXT.ru xidməti pulsuzdir və məcburi qeydiyyat tələb etmir. Qeyd edim ki, bu proqram məqalə müəllifləri və plagiatçılar arasında daha populyardır. Məqalə yoxlanılan zaman monitorda 3 informasiya pəncərəsi açılır. Belə ki:

1. Mətnin unikallığı faiz nisbətləri ilə göstərilir;
2. Mətndə orfoqrafik səhvlər müəyyən edilərək rənglə fərqləndirilir;
3. Paneldə mətnin spam olub olmaması haqqında hesabat qeyd edilir.

Content watch
Content watch onlayn resursu plagiatçıları izləmək və müəyyən etmək imkanına malikdir. Bu resurs ödənişli xidmətlər göstərməklə yanaşı, məhdud sayda olan simvolları yoxlamaq üçün ödənişsiz xidmətlərə də malikdir. Resurs qeydiyyatdan keçməmiş istifadəçilər üçün 3000, qeydiyyatdan keçənlər üçün isə 10.000 simvolluq mətn yoxlaya bilər.

Antiplagiat
Ödənişli xidmətlərdən biri də Antiplagiat xidmətidir. Lakin bu resursun ödənişsiz xidmətləri də mövcuddur. Ödənişsiz xidmətlərdə müəllif 6 dəqiqə ərzində bir mətni yoxlayır və bu zaman müəllifə bu barədə hesabat verilir. Ödənişli xidmətlər isə daha geniş imkanlara malik olurlar. Belə ki, bu xidmət zamanı 1saat ərzində 100-dən 300-ə qədər sənəd yoxlanılır və əlavə axtarış modulları - dissertasiya kitabxanaları, elmi əsərlərin kitabxanaları, hüquqi sənədlərin kolleksiyaları ilə əlaqələndirilir.

Qeyd edim ki, elmi məqalələri xarici internet şəbəkələrində yayımlamaq və xarici elmi jurnallarda nəşr etmək üçün onlar mütləq ingilis dilinə tərcümə edilməlidir. Bunun üçün xarici servis xidmətlərinə mətnin orijinallığını təsdiq etmək üçün müraciət etmək lazımdır.

Dupli Checker
Ödənişsiz onlayn antiplagiat servislərindən biri də Dupli Checkerdir. Bu servis mətnin orijinallığını müəyyənləşdirməklə yanaşı, 1 dəfəyə 1000 sözdən ibarət mətni yoxlaya bilir. Viper Plagiarism Scanner - tamamilə pulsuz və istifadəsi asan olan bir skaner; Quetex – istifadəsi asan, dizaynı isə sadə olan bir onlayn plagiat dedektoru; Plagiarism Checker от Grammarly.com – onlayn servisidir. Bu servis birdəfəyə həm mətnin plagiatlığını, həm də qramatik cəhətdən düzgünlüyünü yoxlayır. Daha inkişaf etmiş xüsusiyyətlərə malik Premium adlı bir servis də vardır.

Copyleaks, Unplug, PlagScan, Plagiarisma, PaperRater, Plagium ödənişli analoglardır. Lakin onların bəzilərinin ödənişsiz variantları da mövcuddur. Xidmətlərin bəziləri çoxdillidir. Belə ki, Unplug xidmətdə ingilis, ispan, ukrayna, danimarka, türk və fransız dillərindən istifadə edilə bilər. Xidmətdə Bing və Yahoo veb indekslərindən istifadə olunaraq, eyni vaxt ərzində 5 iş yoxlanılır və servis, doc, .docx, .txt, .rtf, .pdf, .odt və html formatlarını dəstəkləyir.
Online xidmət və ya proqram seçimi məqalə müəllifinin qarşıya qoyduğu vəzifələrdən asılıdır. Qeyd etmək lazımdır ki, proqramlarda plagiatlığın aşkarlama alqoritmlərinin fərqli kombinasiyası istifadə olunur və orta ağırlıqlı mətn qiymətləndirməsini müəyyən etmək üçün iki və ya üç proqramdan istifadə edilməlidir. Görüləcək işi yüksək səviyyədə həyata keçirtmək və nəticə əldə etmək üçün proqramın quraşdırılmasına diqqət yetirilmək olduqca vacib şərtdir.

Ümumiyyətlə ingilisdilli mənbələrin plagiatlığını yoxlamaq üçün 10 ən faydalı xidmət:
1. http://www.plagtracker.com/
2. http://www.scanmyessay.com/
3. http://www.plagscan.com/seesources/analyse.php
4. http://plagiarismdetector.net/
5. http://sourceforge.net/projects/antiplagiarismc/
6. http://www.duplichecker.com/
7. http://www.paperrater.com/
8. http://plagiarisma.net/
9. http://www.plagiarismchecker.com/help-teachers.php
10. http://www.plagium.com onlayn resurslarıdır.

Bu resursların dəstəyi ilə aparılan antiplagiat yoxlamaları müəlliflər üçün faydalı olmaqla, mətnlərin mümkün plagiatlılıq təhlükəsinin qarşısını alır.
Amma nə qədər internet resurları, onlayn yoxlamaq imkanları olsa da, plagiatın qarşısının alınması heç də həmişə mümkün olmur. Bəzən bu, korrupsiya hallarına qədər gətirib çıxarır, elmin inkişafı qarşısında maeəyə çevrilir. Bəzi ölkələrdə plagiatlığın qarşısının alınması üçün ciddi cəza tədbirləri mövcuddur. Məsələn, bəzi ölkələrdə plagiatçı aspirantlara plagiatçılığa görə "cəza kartı" göstərilir və onlar dissertasiya müdafiəsinə buraxılmırlar. Müəllif hüquqlarının pozulması faktı sübuta yetirildikdə qanun pozanlardan kompensasiya da tələb olunur. Bütün hallarda plagiatın qarşısnın alınması insanın öz vicdanına bağlı olan məsələdir. Hər bir müəllif üzərində işlədiyi mövzuya öz yaradıcı işi kimi yanaşmaqla həm başqalarının beyin məhsulunu mənimsəmir, həm də yeni bir orijinal əsər meydana gətirir.

Mənbə:
1. https://nauchniestati.ru
2. http://123mi.ru
3. http://library.kubg.edu.ua
4. https://www.antiplagiat.top