Necə yazaq ki, bizə istinad etsinlər?
İstənilən məqalənin oxucular tərəfindən maraqla qarşılanması, ona istinad edilməsi üçün mövzunun aktuallığı və aktuallığın əsaslandırılması vacibdir. Mütəxəssislər elmi məqaləyə istinad edilməsində bir sıra mühüm amillərin rol oynadığını vurğulayırlar.
1. Məqalənin adı. Hesab edirlər ki, məqalənin diqqət cəlb etməsində ən mühüm amil onun adıdır. Məqalənin adı potensial oxucu üçün maraqlı olmalı, aldadıcılıqdan, təhrifçilikdən, sensasiyalılıqdan qaçılmalıdır. Məqalənin adı oxucu üçün cəlbedici olmalı, ad onun məzmununu, məqsədini, konsepsiyasını ifadə etməlidir. Əks təqdirdə oxucunun elə ilk baxışdan məqalə müəllifinə, eləcə də nəşrə inamı itəcək. Sizin məqalənizlə tanış olmaq istəyən alimlər, tədqiqatçılar əksər hallarda ilk olaraq məqalənin adına diqqət yetirirlər. Delaver Universitetinin professoru Robert Deyanın sözləri ilə desək, ad, bir neçə sözdən ibarət olmaqla, məqalənin məna yükünü özündə daşımalıdır.
2. Ədəbiyyat siyahısı. Elmi məqalələr hazırlanarkən diqqət yetirilməli olan məqamlardan biri də keyfiyyətli elmi ədəbiyyat seçimidir. Bəzən oxucular məqaləni oxumağa başlayarkən öncə ədəbiyyat siyahısına diqqət yetirirlər. Ədəbiyyat həm müəllif, həm də oxucu üçün mühüm amildir. Bu, tədqiqatçı və tədqiqat işi haqqında bir çox elmi nüansı üzə çıxardır (elmilik dərəcəsi, ən müasir tədqiqatlar, müəllifin bir neçə dil bilməsi, interntdən istifadə və s.). Əgər ədəbiyyat siyahısında kifayət qədər tanınmış alimlərin, əsərlərin adları ilə rastlaşarsa, oxucu məqaləni daha böyük həvəslə oxuyacaq və şübhə yoxdur ki, ondan bəhrələnəcək. Bu xüsusda digər bir məqam isə tədqiqatçıların istinad etdikləri mənbələrin hansı illərdə çap olunmasıdır. Yeni çap olunmuş, xüsusilə də xarici dillərdə olan mənbələrdən istifadə olunması tədqiqat əsərinin diqqət cəlb etməsinə yol açır.
3. Elmi üslub və məqalənin dili. Mütəxəssislər hesab edirlər ki, məqalənin oxucu tərəfindən dəyərləndirilməsinin əsas səbəblərindən biri də səliqəli, aydın üslubda yazılmasıdır. Çalışmaq lazımdır ki, fikirlərinizin “mürəkkəbləşməsinə” yol verməyəsiniz. Bacardıqca çətin konstruksiyalı cümlələrdən uzaq olmaq lazımdır. Bu kimi cümlələr nəinki oxucu üçün, redaktorlar üçün də çətinlik törədir. Belə yazılara nəinki istinad edilmir, onlar heç sona qədər oxunmurlar da. Spesifik elmi terminlərdən elə istifadə olunmalıdır ki, oxucunun onu anlamasında çətinlik yaranmasın. Elmi məqalə işlənərkən nəzərə almaq lazımdır ki, onu sizin alim həmkarlarınızla yanaşı, tələbələriniz, bu sahə üzrə dərin bilikləri olmayan, elmdə yeni addımlayanlar da oxuyacaqlar. Bir məsələni də diqqətə çatdırmaq yerinə düşər. Bəzi müəlliflər elmi jurnallarda məqalələrin qəbulu üçün qoyulan tələbləri, əsas qaydaları “ağır” hesab edib, elmi məqalələr yazmağa ürək eləmirlər. Əslində bu qaydalar və tələblər məqalənin sistemli yazılmasına, elmi fikirlərin dəqiqliklə əsaslandırılmasına, paralellər, təhlillər aparılmasına, ideyaların daha optimal şəkildə meydana qoyulmasına, nəticə etibarilə oxucular tərəfindən maraqla qarşılanmasına, ona istinadlar edilməsinə yol açır. Odur ki, akademik jurnallar tərəfindən məqalələrin yazılmasına qoyulan tələblər sona qədər oxunmalı və ona riayət olunmalıdır.
Üzərində işlədiyiniz mövzuya kompleks, müxtəlif baxış bucağından yanaşmağı bacarın. Sizin fərqli yanaşmalarınız, fərqli baxışlarınız yeni ideyaların, fikirlərin yaranmasına yol aça bilər.
Bəzən müəlliflər eyni məqaləni cüzi dəyişikliklə, yaxud dəyişiklik etmədən bir neçə elmi jurnala göndərir. Əgər digər jurnalda da məqalə dərc etdirmək istəyirsinizsə, o zaman yenisini yazın.
Müəlliflər elmi məqalələrin nəzərdənkeçirilmə qaydalarını da öyrənməlidirlər. Lazım olan informasiyanı axtarmaqla yanaşı, əldə olunanı tənqidi təhliletmə bacarığı da olmalıdır. İnformasiyalar təhlil edildikdən sonra lazımı nəticələr çıxarmaq çətin olmur. Sonradan bu nəticələr işlənilən mövzuya yeri gəldikcə, mənbələr göstərilməklə daxil edilir.
Tədqiqat işi apararkən üzərində işlədiyiniz mövzunun bu və ya digər aspektdə sizdən öncə işlənib işlənmədiyinə diqqət yetirin. Əgər mövzuya sizdən öncə müraciət olunubsa, alınan nəticələrə baxın. Bəs sizin hansı nəticələriniz olacaq, bu nəticələrə hansı yollarla gəlib çatacaqsınız, hansı məntiqi sualları cavablandıracaqsınız, hansı təklif və tövsiyələrlə çıxış edəcəksiniz, oxucunu düşündürəcək hansı sualları qoyacaq, bu sualları tapmaq üçün hansı yolları göstərəcəksiniz? Məqalənizin elmi səviyyəsi bu kimi xüsusiyyətlərinə görə seçiləcək. Əldə etdiyiniz fundamental nəticələr sizə istinadlar edilməsinə yol açacaq. Ancaq sizin öz nəticələriniz maraq doğuracaq. Məqalədə hansısa müəllifin gəldiyi nəticələri deyil, öz nəticələrinizi – həm də özündə yeniliklər olan nəticələrinizi irəli sürsəniz, bu, daha çox diqqət cəlb edəcək. Suyu bulaqdan içmək daha faydalıdır, nəinki dükanda satılan bulaq suyunu pulla alıb içmək. İMRaD (Introduction-çıxış, Methods-metodlar, Results-nəticə, Discussion-müzakirə) formatından istifadə etməklə məqalənizin düzgün strukturda olmasına nail ola bilərsiniz.
Məqalə özündə nə qədər çox məlumat ehtiva edirsə, bir o qədər çox diqqət çəkir və ona edilən istinadların sayı artır. Bir şərtlə ki, məlumatlar məqalənin məzmununu zənginləşdirsin, onun elmi səviyyəsini yüksəltsin. Amma unutmaq olmaz ki, məlumatlar artdıqca, müəllifin səhvetmə imkanları da genişlənir. Bu amil mütləq olaraq nəzərə alınmalı, ədəbiyyatlar, mənbələr dönə-dönə yoxlanılmalıdır. Yeri gəldikcə fikirlərinizi, elmi nəticələrinizi əsaslandırmaq üçün istifadə etdiyiniz qrafiklər, cədvəllər, statistik nəticələrdən məqalədə istifadə olunmalıdır. Faktların, fikirlərin əsaslandırılması baxımından bu, olduqca önəmlidir. Təsəvvür edin ki, sizə inanıb istinad edirlər. Sonradan bəlli olur ki, sizin irəli sürdüyünüz nəticələrdə yanlışlıq var. İtirilmiş inamı bərpa etmək sonradan çətin olur.
Məqalənin uğurlu alınmasını şərtləndirən amillərdən biri də mövzu seçiminin müəllifin ürəyinə, ruhuna yaxınlığıdır. Müəllif mövzunu nə qədər çox sevəcəksə, onunla bağlı daha dərindən araşdırma aparacaq və onu daha tez başa çatdıracaq. Uzun müddət üzərində aparılan tədqiqat müəllifi yorur və onun mövzudan uzaqlaşmasına səbəb olur.
Məqaləni yazıb jurnal axtarmayın, əvvəlcə aktual mövzu tapın, sonra ona uyğun jurnal seçin, sonra yazı yazmağa başlayın! Vaxt dəyərlidir! Əgər siz məqalənizin dərci üçün sırf akademik jurnal seçmisinizsə, məqalədə bunu mütləq nəzərə almalısınız.
Məqalənizin dərc olunduğu jurnal da onun oxunması və istinad edilməsi baxımından əhəmiyyətlidir. Məqalə dərci üçün elə bir jurnal seçilməlidir ki, həmin jurnal sizin oxucuların maraq dairəsində olsun. Bir sözlə, yazdığınız məqalə təhsil, pedaqoji problemlər mövzusundadırsa, onu maliyyə, yaxud vergi problemləri jurnalında dərc etdirsəniz, nə qədər elmi yeniliyiniz olsa belə, oxucu auditorriyası üçün maraqsız olacaq. Odur ki, məqalənizə istinad olunmasını, oxucu diqqətini qazanmasını istəyirsinizsə, onu yazmağa başladıqdan çap olunana qədər mühüm olan bir sıra məqamları nəzərə almağınız vacibdir.
Ardı var.
Məqalənin hazırlanmasında www.bilimselarastirma.com, www.sslab.com.ua, http://science-insight.com, index.petrsu.ru saytlarından istifadə olunub.
Böyükağa MİKAYILLI