POLŞADA BEYNƏLXALQ KONFRANS

POLŞADA BEYNƏLXALQ KONFRANS

POLŞADA BEYNƏLXALQ KONFRANS


MƏRUZƏNİN XÜLASƏSİ

Böyükağa Mikayıllı

Məruzədə dahi polyak pedaqoqu Yanuş Korçakın Birinci və İkinci dünya müharibələri dövründə uşaqların xilası naminə həyata keçirdiyi işlərdən, o cümlədən onun Varşavada yaratdığı yetimlər evinin fəaliyyətindən, dahi pedaqoqun elmi-nəzəri fikirlərindən, pedaqoji ideyalarından bəhs olunur.  Vurğulanır ki, Yanuş Korçak dünya müharibələri, dünyanı bürüyən pandemiyalar – yəni bəşəriyyətin ən çətin bir dövründə, minlərlə uşağın xilaskarı kimi onların köməyinə çatmış, eyni zamanda böyük yazıçı, həkim kimi şöhrət tapmışdır. 

Məruzədə Yanuş Korçakın pedaqoji fikirləri analiz olunur. Onun Polşada və dünyanın ayrı-ayrı ölkələrində pedaqoji düşüncənin inkişafına təsiri vurğulanır. Eyni zamanda, müharibənin, onun yaratdığı problemlərin uşaqların həyatına gətirdiyi faciələr pislənir. Bu əməlləri törədənlərin bəşəri cinayətkar olduqları söylənilir. Qeyd olunur ki, Yanuş Korçak bir müəllim kimi, öz həyatı, irəli sürdüyü ideyaları ilə  bəşəriyyətə insanlıq dərsi keçir, uşaqlara hörmət etməyə, onların hüquqalarını qorumağa, onların yaşam hüquqlarını əllərindən almamağa səsləyir. Amma təəssüflər olsun ki, Yanuş Korçakın humanist çağırışları eşidilmir. 

Yanuş Korçak müəllimlərə və valideynlərə tövsiyə edir ki, uşağa yaxın olmaq, onun mənəvi dünyasını duymaq vacibdir. Bu, tərbiyədə mühüm amildir. Belə olduğu təqdirdə uşağın tərbiyəsində uğur qazanmaq mümkündür. 

Məruzədə müasir dövrdə də uşaq haqlarının qorunmasının vacibliyi önə çəkilir, uşaqların terrora, təhdidə məhdud qalması, müharibələr nəticəsində onların yurd-yuvalarından didərgin salınması, təlim-tərbiyədən uzaqlaşdırılması halları qətiyyətlə pislənir. 

Məruzədə vurğulanır ki, Yanuş Korçakın elmi-pedaqoji irsinin öyrənilməsi həmişə olduğu kimi, bu gün də aktualdır. Çünki dünyada uşaqların təlim-tərbiyəsi, onların hüquqlarının qorunması, cəmiyyətə əsl şəxsiyyət kimi təqdim olunması problemi hər zaman cəmiyyəti düşündürən məsələlərdən olmuşdur. 

Məruzədə polşalı və azərbaycanlı tədqiqatçıların elmi əməkdaşlıqları ilə bağlı bir sıra təkliflər irəli sürülür.  

Müasir dünyada vizual münasibətlər genişləndikcə, insanlar arasında canlı ünsiyyətə əslində daha çox ehtiyac yaranır. Mən bu konfransa gəlməyə, ona onlayn da qoşula bilərdim. Amma kim sübut edə bilər ki, bizim internet üzərindən qurulan münasibətlərimiz, bizim sizinli üzbəüz görüşümüzdən əhəmiyyətli olacaqdır. Odur ki, mən gəldim və sizinlə ünsiyyətdən sonra sizin necə bir mühitdə yaşadığınızı, hansı mənəvi simalara malik olduğunuzu duydum və gördüm. Əsl dostluq da bundan sonra başlanır. Mən sizi aramızda yaranan bu dostluq əlaqələri münasibətilə ürəkdən təbrik edirəm. Və istəyirəm ki, bizim dostluq münasibətlərimiz işgüzar əməkdaşlıqlarımızla daha da möhkəmlənsin. Odur ki, mən sizə, fürsətdən istifadə edib bir neçə təklif vermək istəyirəm. 

Birinci təklifim odur ki, biz sizinlə birgə “Yanuş Korçak” elmi tədqiqatlar mərkəzi yaradaq. Bu elmi mərkəz çərçivəsində biz pedaqogikanın və təhsilin tarixi, elm və təhsildə müasir tendensiyalar çərçivəsində araşdırmalar aparaq. Bu işi qlobal şəkildə tərəfdaşlarımızla birlikdə həyata keçirək. Hər il ən azı bir dəfə toplanaraq elmi tədqiqat işlərimizi, gələcək planlarımızı müzakirə edək. Fikrimcə bir qədər də irəli gedib elmi-nəzəri jurnal da təsis etmək olar.